Aprelin 27-dən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılır. Bunlardan biri də "ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərinin daha geniş şəkildə fəaliyyətinin təmin edilməsindən ibarətdir.
Nazirlər Kabinetinin yeni qərarına əsasən "ASAN xidmət" mərkəzlərində vətəndaş qəbulu yalnız öncədən növbə götürülməklə təmin edilir. Bunun üçün vətəndaşlara 3 imkan yaradılıb.
Bu çərçivədə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Asan xidmət mobil tətbiqini "İOS" və "Android" əməliyyat sistemlərindən yükləmək mümkündür. İlk iş günü olmasına baxmayaraq, mərkəzin xidmətindən yararlanmaq istəyən vətəndaşların sayı kifayət qədər olub.
ASAN xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunsa da, xüsusi karantin rejiminin qaydaları qüvvədədir. Mərkəzlər insan hərarətini ölçən çihaz və müvafiq gigiyenik vasitələrlə təmin olunub. Bundan başqa ara məsəfəsinə əməl edilməsi ilə bağlı mütamadi çağırışlar edilir. Əvvəlcədən növbə əldə etməyən vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək. Qeyd edək ki, ASAN xidmət mərkəzləri martın 15-dən bu günədək xüsusi iş rejimində fəaliyyət göstərib.